Əsas məzmuna keç

Heca şeiri

İlham

Zəlimxan Yaqub

1
Oxucularla görüşlərin birində mənə belə bir sual verdilər:“İlham sizin üçün nə deməkdir?” Cavabım aşağıdakı misralar oldu.

Dəli tufanlara sinə gərənim, Ulu misralara ömür verənim, Haqdan danışanım, haqqı görənim, Çəmənlər qoynundan çiçək dərənim, Dəryalar dibindən ləl çəkənimdi!

Oğuzum, qopuzum, sazım, ozanım, Yolu göstərənim, yuxu yozanım, Tanrıtanımazım, Halaypozanım, “Allahu-əkbərim”, sübhüm, əzanım, Doğru danışanım, doğru yazanım, Bəndədən Allaha yol çəkənimdi!

Dağdan süzülənim, daşdan qopanım, Qəlbə yayılanım, cana hopanım, Halal yoğuranım, hazır yapanım, Zərrənin içində dünya tapanım, Güllərin gözündən bal çəkənimdi!

Döyüşdə əsgərdi, torpaqda səngər, Dənizdə tufandı, dalğada ləngər. Qələmdə əsərdi, səngərdə əsgər, Haqqın pərvanəsi, haqqın vurğunu, Nahaqqın gözünə mil çəkənimdi!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.