İlə
Könül deyər: eldən qalıb, Gəzsəm dağlar-daşlar ilə. Günahımı yada salıb, Üzüm yusam yaşlar ilə.
Kimi görsəm, bir peşədə, Mənim könlüm əndişədə, Köyi-sər içrə köşədə Otursam ağaclar ilə.
Qarı dünya al içində, Adəmzad xəyal içində, Cahan qalmaqal içində, Hər kim yüz təlaşlar ilə.
Allahın eşqində məstlər, Tuş gəlişməz zəbərdəstlər, Könül pərvaz vurar, dostlar, Durmaz yüz əlaclar ilə.
Çox küylər ilə oturdum, Bilmədim, nə iş bitirdim, Gümra olub, yol itirdim, Oturdum biveclər ilə.
Boş qalmasın ömür taxtı, Oyandırım yatan baxtı, Dua qılıb, səhər vaxtı Nalış qılsam quşlar ilə.
Məxdumqulu, tövfıq alsam, Bir ər tapsam, qulluq qılsam, Ürək deyər: yoldaş olsam Dəm çəkən dərvişlər ilə.