Əsas məzmuna keç

Heca şeiri

İlahi sevgilər

Zəlimxan Yaqub

1

Qəlbində ocaq var, əlində od var, Mənə öz qəlbini, öz əlini ver. İlahi sevgidə ilahi dad var, Mənə sevgilərin gözəlini ver.

İlahi sevgilər coşar, çağlayar, Çayların səddinə, bəndinə baxmaz. Yalnız Allahına könül bağlayar, Qara keşişlərin fəndinə baxmaz.

İlahi sevgilər yaxar-yandırar, Ahından yer mələr, göy mələr, gözəl. Alovu göyləri işıqlandırar, Açılmaz yenə də düymələr, gözəl.

İlahi sevginin qanadları var, Yaranıb yüksəklər dərinlər üçün. Külüngə güvənən Fərhadları var, Süd arxı çəkdirər Şirinlər üçün.

İstəyim işıqlı, eşqim əbədi, Gözəlim, olmadım sevgidən dayaz. Məcnundu, Fərhaddı, Kərəmdi-nədi, Məni də onların cərgəsinə yaz!

İlahi sevgilər eşqə can verib, Özünü Allahda görənlərindi. Otuz doqquz dəfə imtahan verib, Qırxıncı qapıdan girənlərindi!

2000, 21 aprel Altıağac

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.