İlahi, bu dünya nə balacadı
Baxdım bu dünyanın ucalığından, Baxdım, sonsuzluğun sonu göründü. Torpağın, günəşin, havanın, suyun, Cilvəsi göründü, donu göründü. Gördüm bu axşamı, bu da səhəri, Bu kəndi, koması, bu da şəhəri. Ocaqdı, tüstüdü, damdı, bacadı, İlahi, bu dünya nə balacadı.
Çapdım göy üzündə dəmir atları, Bu başdan boylandım, o baş göründü. Bağladım ruhuma yel qanadları, Tarix varaqlandı, yaddaş göründü. Bir yanda od tökən yay günəşini, Bir yanda ələnən qarı da gördüm. Bir sözün içinə sığışdırmışıq, Dünya şar kimidi, şarı da gördüm. Vur-tut bircə sözdü, iki hecadı, İlahi, bu dünya nə balacadı.
Nə zirvə görünür, nə dağ, nə dərə, Görünmür gözümə çiçəklər, otlar. Başımın üstündə at oynadırdı, Ayağım altında qalıb buludlar. Fikirdən, xəyaldan geniş bilirdim, Mən elə bilirdim məndən ucadı, İlahi, bu dünya nə balacadı.
Yükləri çəkilməz bir yükmüş insan, Min dəfə dünyadan böyükmüş insan. İçində tufanlar verib baş-başa, Dəli dalğalarla qalxır savaşa. İnsan Kainatı dərk eylədikcə Özü də böyüyür Kainat qədər. Ömrü ömürlərin davamındadı, Diridi, canlıdı bu həyat qədər. Fikirlər, xəyallar qol-budaqlıdı, Cahana sığmayan şair haqlıdı. “Gələn bəzirgandı, gedən xocadı”, Dünya bir uşaqdı, insan qocadı, İlahi, bu dünya nə balacadı.
2001, 17 iyun Sakit okean sahili