İlahi
Bir millətdi, bir torpaqdı, bir Vətən, O tay nədir, bu tay nədir, İlahi?! Hər tərəfə pay veriblər həsrəti, O pay nədir, bu pay nədir, İlahi?!
Eyni bağdı, eyni bağça, eyni bar, Eyni sazdı, eyni kaman, eyni tar. Ortalıqda dəmir hasar, lay divar, O lay nədir, bu lay nədir, İlahi?!
Üstümüzdən acı yeltək əsən kim? Kəsilən biz, kəsdirən kim, kəsən kim? Aman qardaş, de, mən kiməm, de, sən kim? O hay nədir, bu hay nədir, İlahi?!
Millətə bax, dəmir tordan boylanır, Diri evdən, ölü gordan boylanır. Yeddi burdan, yetmiş ordan boylanır, O say nədir, bu say nədir, İlahi?!
Hansı başdı, hansı bədən bilinməz, Paralansa varmı vətən, bilinməz. Orda ölən, burda itən bilinməz, O vay nədir, bu vay nədir, İlahi?!
Bay olmasın, qarı düşmən bay oldu, Çox ömürlər nisgillərə pay oldu. İki yanda göz yaşımız çay oldu, O çay nədir, bu çay nədir, İlahi?!
Bu söhbəti ortalığa kim salıb? Bu həsrəti ortalığa kim salıb? Bu zilləti ortalığa kim salıb? O tay nədir, bu tay nədir, İlahi?! O dərd nədir, bu dərd nədir, İlahi?!
1992, iyul Təbriz