İl ilə
Başına gələndir qocalıq qışı, Heç ayrılmaz aylar ilə, il ilə, Töküldü dəhandan haq verən dişi, Yoxdur xoşum şirin sözlü dil ilə.
Nurlu cahan gözlərimə zindandır, Gecə-gündüz qanlı yaşım rəvandır, Ürəyim taqətsız, qəlbim ərmandır, Həvəsim yox, dostlar, qızıl gül ilə.
Ötdü məndən ol igidlik qeyrəti, Qocaldı, ayrıldı ilxıdan atı, Fələk başa saldı çıxmaz afəti, Dizdə qüvvət yoxdur, əyri bel ilə.
Dolandı başıma baqi gərdişi, Yatsam-dursam çıxmaz dünyanın işi, Dad edib çəkərəm onca xahişi, Ömrüm keçib varar altmış sal ilə.
Fəraqi der, yox dünyada həvəsim, Bircə dində olub qaldı ixlasım, Zar edib ağlasam, dinlənməz səsim, Heç arzum qalmadı gözəl il ilə.