Əsas məzmuna keç

Qoşma

İki sözün düşməni

Zəlimxan Yaqub

1

Babam vardı, kişilərin naxışı, Gur ocaqdan od almışdı baxışı. Yordu neçə sıldırımı, yoxuşu, Nə yoruldum, nə də doydum demədi.

Can verərdi bulağa can, arxa can, Sevinərdi dolu gəlsə arx haçan. Külüng çalan, daş qaldıran, arx açan, Nə yoruldum, nə də doydum demədi.

Deyərdin ki, qızılquşdan zirəkdi, Çəkinmədi qardı, yoxsa küləkdi. Bağça saldı, bağ becərdi, gül əkdi, Nə yoruldum, nə də doydum demədi.

Əl günəşdən, ayaq yerdən isindi, Sifət nurdan, alın tərdən isindi. Göz işıqdan, can hünərdən isindi, Nə yoruldum, nə də doydum demədi.

Torpaq saray, o sarayın bənnası, Torpaq oldu istəklisi, anası. Torpaq oldu həyatının mənası, Nə yoruldum, nə də doydum demədi.

Övlad bildi hər ağacı bağında, Qonaq etdi toxu, acı bağında. Qurdu qızıl taxtı, tacı bağında, Nə yoruldum, nə də doydum demədi.

Yüzü keçdi, azalmadı həvəsi, Zəhmət ilə getdi-gəldi nəfəsi. Yorulsa da oğlu, qızı, nəvəsi, Nə yoruldum, nə də doydum demədi.

Saf əməldən qüvvət aldı, güc aldı, Gözlərimdə ucaldıqca ucaldı. Yaşa doldu, xəstələndi, qocaldı, Nə yoruldum, nə də doydum demədi.

İllər gəldi, yavaş-yavaş sovuşdu, Ovçusuna könül verdi, ov uçdu. Torpaq dedi, anasına qovuşdu, Nə yoruldum, nə də doydum demədi!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.