Əsas məzmuna keç

Heca şeiri

İki qapı

Zəlimxan Yaqub

1
İtaliyanın Assizi şəhərində bir evə iki qapı qoyulur. Qapının biri, hər bir evdə olduğu kimi, giriş-çıxış qapısıdır. O biri qapını isə ancaq evdə adam öləndə açırlar və ev yiyəsinin cənazəsini həmin qapıdan çıxarırlar. Anar müəllimin dediklərindən

Burda belə qurulur, belə yapılır yapı, Bir mənzilə iki yol, bir evə iki qapı. Biri qurub-yaratmaq, coşub-çağlamaq üçün, Biri vida çağında yanıb ağlamaq üçün. Durub dayanmağı yox, biri hər gün işdədir, Hey açılar, örtülər, əbədi gərdişdədir. Biri ölü sükutda, Qaş-qabağı buludda, meyli qəmdə, yasdadı, Biri Ayla, ulduzla, Günəşlə təmasdadı. Birindən gülüş axır içəriyə, bayıra, O biri fürsət gəzir səni səndən ayıra. İti bir xəncər kimi, biri qəlbə saplanır, Biri nura, işığa, həyata hesablanır. Birində toy çalınar, gəlin gələr içəri, Biri bizə pıçıldar: “köçərisən, köçəri”. Biri ömrün baharı, biri ömrün şaxtası, Biri beşik laylası, biri tabut taxtası. Biri qəmə, həsrətə, dərdə, yasa açılır, Biri eşqə, sevgiyə, ehtirasa açılır. Baş əyməmək olarmı bu bölgüyə, bölümə? – Biri həyata açıq, biri qara ölümə.

2004, 7 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.