İçində
On səkkiz min aləm, yetmiş iki dil, Ülfət qılır bir bazarın içində. Kimi ətlaz geyir, tirmə qurşayır, Kimi üryan gəzir qarın içində.
Qafilsən, işindən tapmayıbsan baş, Üz döndərər səndən qohum, yar, yoldaş. Torpaq soyuq, bədən üryan, kəfən yaş, Tək qalarsan dar məzarın içində.
Mən demək nə lazım, özün bilirsən, Bir gün yaranıbsan, bir gün ölürsən, Arsız-arsız nə gününə gülürsən?! Yandırarlar səni narın içində.
Ələsgər söyləsin, sən mətləbi qan, Belə qərar qoyub qadiri-sübhan. Unutma ilqarı, itirmə iman, İman durar düz ilqarın içində.