İçim başdan-başa səhra qumları
Sevincin yolunu tapa bilmirəm, Dərdin kökü məndə, pöhrəsi məndə. Gözəl var, könlünü güldürəmmirəm, Hələ də tutqundu çöhrəsi məndə.
Sular var, gözündən içilmir hələ, Çaylar var, üstündən keçilmir hələ. Yağı ayranından seçilmir hələ, Çalxanır zamanın nehrəsi məndə.
Ay aşıq, canıdır gecə dastanın, Dastanın, özü də necə dastanın. Qatı açılmamış neçə dastanın, Tahiri məndədi, Zöhrəsi məndə.
İçim başdan-başa səhra qumları, Gördü gözlərimiz çox zulumları. Yanır Kərəmlərin Ərzurumları, Yanır Məcnunların səhrası məndə.
2000, 11 mart