İçərimdə yatan qüvvət
İçərimdə yatan qüvvət, dayan, hələ baş qaldırma, Dağ qaldıra bilmirsənsə, əbəs yerə daş qaldırma! Dağdan ağır həsrətim var, güc gərəkdir qaldırmağa, Yad dişində qismətim var, güc gərəkdir saldırmağa! Səni silah edəsiyəm, pis gözlərə atmaq üçün, Səni Allah edəsiyəm, ucalığa çatmaq üçün! Xalqın ağır günlərində el sınağa çəkiləndə, Əqidələr haçalanıb sola-sağa çəkiləndə, Qeyrətsizlər küncə girib bir bucağa çəkiləndə, Biri daşa daldalanıb, biri dağa çəkiləndə, İçərimdə yatan qüvvət, sən imtahan verməlisən! Gözsüzə göz, əlsizə əl, cansıza can verməlisən! İçərimdə yatan qüvvət, yığıl, yığıl qollarıma, Bir daş kimi yana tulla, dağ uçanda qollarıma!