Hüsnünə ol sərvərin eşqimi artır, ey xuda
Hüsnünə ol sərvərin eşqimi artır, ey xuda, Rəbbəna, səlli əla övladi-xətmül-ənbiya.
Müshəfi-rüxsari içrə onun bir ayədir, Sən onunla şadlığı hər qəlbə etmişsən əta.
Bədrdə yoxdur cəmalində olan nuri-kəmal, Hüsndə etmiş kəmalinə cəmali iqtida.
Bir baxışda aşiqin başdan aparmış əqlini, Qəddi, xətti, xali etmiş xəlqi dərdə mübtəla.
Qaməti-mövzunini gördükdə vəhm aciz qalıb, Tapmayıb təşbih üçün söz, vəsfini qılsın əda.
Hüsnü bayram şənliyi bəxş eyləmiş aşiqlərə, Surəti bayramdır, olmuş qaşı bir aypara.
Bizlərə hüsni-məqali oldu bayram xütbəsi, Könlümüz hüsni-cəmalından tapar zövqü səfa.
Həm cənubə, həm şimalə sayə salmış qaməti, Bir belə sərvi-rəvan yoxdur bu gün gülşən ara.
Kim itaətdən çıxıb, yoldan azıbsa bir zaman, Düz yola dönsün gərək, tə’xir ona olmaz rəva.
Qəlbini bir qəmzə ilə ovlamış aşiqlərin, Ol nigarın sən’əti qəlb ovlamaqdır daima.
Lütfüdür ancaq səbəb, artar rəqibi hər zaman, Hüsni-rəftari səbəbdir, olmuşam məftun ona.
Hər zaman aşiqlərindən qorxaram üz döndərər, Məncə bu təsdiq edər kim, onda var sonsuz həya.
Başına illər boyu dönmüş günəş, əl tapmamış Bir ayağından öpüb, aləmdə çatsın kamına.
Ey səxavətdə olan Cudi dağı, feyzinlə sən Lütfünü şamil qılıbsan hər zaman əhbabına.
Ey mənim qeyb afitabim, qəbrdən baş qaldırıb, Istəyirlər sayənə düşmənlər etsin iltica.
Könlüm istər səcdə etsin ay üzündə atəşə, Ox kimi kirpiklərin çəkmiş çəpər ruxsarına.
Qəlbimi atəşpərəst bilmiş məgər kirpiklərin, Səf çəkib əsgər kimi, etmiş cəhad e’lan ona.
Bəs ki qan tökmüş, onun qana boyanmış əlləri, Rəsmdir sərvət üçün hiylə qurarlar əğniya.
Vəslinin ümmidi qəlbimdə uzaq bir arzudur, Aşiqə məncə təsəllidir belə bir arzu da.
Çatmağı guyi-vüsalinə mənə etmiş həram, Leyk bilmişdir həlal etsin mənə hər an cəfa.
Üç üsuli eşq qanunundan əzbər etmişəm, Bunlar ilə eylərəm mən həqqi batildə cüda.
Sevgisi aşiqlərə qəmdən, kədərdən pay verər, Sanki öz övladına təqsim edər ruzi ata.
Çırpınan hər qəlbə min cövrü cəfa vəqf eyləmiş, Hər könül kim, valeh olmuşdur ona, çəkmiş bəla.
Bir bərabərlik yaranmış qismətində onların, Hər şərik öz qismətiçin eyləyir şükrü səna.
Əmrinə mümkünmü ol şahin itaət etməyim? Istəsə can, hər qədəmdə eylərəm cani fəda.
Mən necə ol hakimin rə’yinə tabe olmayım Kim, onun qəlbi kədərlənsə tutar matəm həva!
Qamətilə, həşmətü dərrakəsindən aldığım Qaf, ha, dal hərflərinə and ola, peyman ola
Kim, onun eşqi mənim könlümdə salmışdır məkan, Qəlbimə, həm canıma təkcə odur fərmanrəva.
Ruhum ardınca sürünməkdən yorulmaz heç zaman, Qorxusundan qəlbimi titrətmə tutmuş daima.
Eşqinin zəncirinə bağlandı, qaldı gəncliyim, Bu ağır zəncirdən can istəməz olsun rəha.
Eşqdə sabitqədəm olmuş könül, sə’y eyləməz Həlledilməz işdə bir tədbirə qılsan iltica.
Iştiyaqında oda atdım, əritdim ruhumu, Iztirabında yanar qəlbim, nicat etməz rica.
Istərəm əhli-məzəmmət söyləsin: – Bu aşiqin Rütbəsi eşq aləmində olmuş hər kəsdən uca.
Bu odur kim, axtarırdı eşqdə ülviyyəti, Indi çatmışdır muradə, mətləbi olmuş rəva.
Ey qərəz əhli, məlamət etməyin aşiqləri, Eşqdə tapmış məhəbbət əhli hüsni-müddəa.
Yandırar pis fikri qəlb içrə məhəbbət atəşi, Eşq olan bir yerdə heç mümkünmüdür pislik qala.
Bəndeyi-eşqə sayılmaz çəkdiyi möhnət, əzab, Şövqi-didarində var eşqin böyük zövqü səfa.
Vermə yol, yetsin Füzulidə olan eşqə zəval, Mehrini artır onun, ey xaliqi-ərzü səma.
Aç üzünə xəzinəsini himmətin, imdad qıl, Aç dilini, incəlik bəxş et onun göftarına.
Bir ağanın xatirinə kim, bəlağət kanidir, Həm cəlali, həm cəmali, həm kəmalidir uca.
Bir ağa kim, həm kərimdir, həm kəramət mənbəyi, Bir ağa kim, həqqin əmrinə olubdur rəhnüma.
Bir ağa kim, sözlərində əks edir qanuni-həqq, Şər’i-həqq tutmuş onun əhkami üstündə bina.
Yüksələrkən göylərə həqqin özü nazil edib, Vəhyini hər nüktənin həllində istiqbalına.
Yüksələr vəsvü sənasindən məqamü qədrimiz, Min səlam olsun ona, övladına sübhü məsa!
* * *
Lüğət: Sərvər – başçı; Ənbiya – peyğəmbərlər; Rüxsar – yanaq S; Əta – bəxşiş; Bədr – on dörd gecəlik ay. Məhəmmədin müharibələrindən birinin adı; Xali – boş; Qaməti – mövzun – yaraşıqlı boy; Hüsni – göftar – söz gözəlliyi X; Məqal – söz, kəlam; Sayə – kölgə; Rəvan – gedən; axan; ruh; Ara – bəzəyən; Nigar – şəkil; gözəl; Afitabi – sübhi-məşhər – qiyamət səhərinin günəşi; İltica – sığınmaq; Əğniya – dövlətlilər; Üsul – əbsar – nəzər, diqqət sahibləri; Ruzi – həşr – məhşər günü; Can – ruh, bədən; Peyman – əhd, söz; Əhli – raz – sirr əhli, sirdaş; Məlamət – məzəmmət, danlaq; Atəşi – bim – qorxu odu; Kərim – səxavətli, kərəmli; Rəhnüma – yol göstərən; Əhkam – hökmlər; Nüktə – dərin mənalı söz; Qədr – dəyər, qiymət, məziyyət; Məsa – gecə