Əsas məzmuna keç

Gəraylı

Hüseyn Arif sağ olaydı

Zəlimxan Yaqub

1

Canımdan bir ağrı keçdi, Hüseyn Arif sağ olaydı. Solmayaydı şair ömrü, Yamyaşıl bir tağ olaydı.

Qəlbə yaxın, gözdən uzaq, Ruhumu göynətdi sazaq. Söhbətimiz sərin yaylaq, Başıqarlı dağ olaydı.

Ovlanaydı cüyür, təkə, Buğlanaydı yağlı tikə. Meşəbəyi kabab çəkə, Damağımız çağ olaydı.

Neçə əri, neçə mərdi, İldırımlar yerə sərdi. Nə ürəkdə oğul dərdi, Nə sinədə dağ olaydı.

Ruhu kövrək, qəlbi zərif, Halalıydı haqlı tərif. Ölməyəydi Hüseyn Arif, Yüz il yaşamaq olaydı.

2000, 1 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.