Əsas məzmuna keç

Qoşma

Hüseyn Arif məclisi

Zəlimxan Yaqub

1
Bakıda “Səda” deyilən mədəniyyət evində unudulmaz xalq şairimiz Hüseyn Arifin xatirəsinə həsr olunmuş kövrək bir məclis təşkil edilmişdi. Şairin haqqında yazılan şeirlər toplusunun təqdimat mərasimi keçirilirdi. Kövrələn könüllər, yaşaran gözlər var idi. Məclis məni tutmuşdu. Bütün məclis Hüseynli və Arifli günlərə, Hüseyn Arifli xatirələrə qayıtmışdı. Qağalı, qağasız günlərə köklənən ovqatım misralara düzüldü, sətirlərə döndü. Könül sazımın zilini zil, bəmini bəm, sinəmə müstəhkəm elədim, təbiət aşiqi bir kişinin – şairin, ozanın, aşiqin, səyyahın eşqinə asta-asta oxumağa başladım.

Hüseyn Arif məclisiydi bir yaz günü, Öz sözünü bahar deyir, yaz deyirdi. Hamı şirin, hamı kövrək, hamı həssas, Şair, götür bu lövhəni yaz deyirdi.

Bu gün məclis Hüseyn Arif məclisiydi, Xoş xatirə, şirin tərif məclisiydi. Qəlbin yuxa, ruhun zərif məclisiydi, Öz sözünü qaş deyirdi, göz deyirdi.

Biri dedi, səyyah idi, ozan idi, Biri dedi, haqq dilində yazan idi, Biri dedi, şaxta vurmuş xəzan idi, Kim nə desə, haqlı deyir, düz deyirdi.

Sərraf idi, tükü tükdən seçən kişi, Dərdin dolu badəsini içən kişi. Sinəsində oğul dağı köçən kişi, Öz dərdinə yara üstə duz deyirdi.

Ah çəkəndə dodaq yanır, dil əsirdi, Baş titrəyir, bel bükülür, əl əsirdi. Arif deyib, o dünyaya tələsirdi, Məni ora tez aparın, tez, – deyirdi.

Oğul dağı... qara tale, qara yazı, Yağdırırdı üstümüzə qar, ayazı. Kövrəlmişəm, ay Zəlimxan, götür sazı, Pərdələrdə asta-asta gəz, deyirdi.

Bir dağ kəli yaralandı, yandı həyat, Şair qəlbi yeddi yerdən qat verdi, qat. Oğulsansa, sinəni gər, qolunu at, Bu kədərin dəryasında üz, deyirdi.

Dar bir koma sarayıydı, şəhəriydi, İki gözü Zöhrəsiydi, Səhəriydi. Yer üzünün ən ağrılı xəbəriydi, Nə zaman ki, Arifdən bir söz deyirdi.

Ürəyini döndərmişdi qəmli neyə, Hey gəzirdi, sığışmırdı yerə, göyə. “Sözdə Vurğun, sazda Mirzə” deyə-deyə, Onlar haqda az demişəm, az, deyirdi.

Odda yanıb, suya düşüb, qardan keçib, Sınaq görüb, çətin görüb, dardan keçib, Bu od-alov ürəyimə hardan köçüb, Ocaq dinir, qor danışır, köz deyirdi.

Güc verirdi dua kimi, əzan kimi, Qaynadırdı bizi qaynar qazan kimi. Bir şairə “uğurlu yol” yazan kimi, Sevinirdi, bir ömrünə yüz deyirdi.

Qoca dağlar əsdirirdi küləyini, Meşəbəyi çırmamışdı biləyini. Ləzgi qızı yandıranda ürəyini, Qoca şair baxışlara köz deyirdi.

Qarabağı, qara bağrı para-para, Sinəsinə çalın-çarpaz vurdu yara. Qanlı fələk, mən çəkdiyim ağrılara, Hünərin var, duruş gətir, döz, deyirdi.

Torpaq dərdi, gözündə yaş, könlündə qəm, Alışırdı öndə varaq, əldə qələm. Dur, Zal qızı, nə yatmısan, Qaçaq Kərəm, Qalx, düşmənin kəlləsini əz, deyirdi.

Hər kimdə ki ləngər yoxdu, çəki yoxdu, Ləngərində yerin-göyün yükü yoxdu, İkicə söz işlədirdi – “kökü yoxdu”, Köksüzlərə kül deyirdi, köz deyirdi.

Şeirimizin salxımıydı, saplağıydı, Misraları yaman gözün bıçağıydı. Yaxşı şeirin xəstəsiydi, naçağıydı, Sözü üzə tənbeh kimi düz deyirdi.

Həmdəm oldu bir gün toya, bir gün yasa, Yurdu gəzdi dəmir çarıq, dəmir əsa. Əbədiyyət yollarına qovuşmasa, İtəsidi sən saldığın iz, deyirdi.

Yaddaşlarda qalmaq çətin, ölmək asan, Kökün yoxsa, dada çatmır nə ad, nə san. Öz ruhuna, öz nəslinə tapınmasan, Bu dünyadan əllərini üz, deyirdi.

El bilirdi öz oğlunun qiymətini, Yaşadırdı nəfəsini, hikmətini. Bir məclisin yetmiş illik söhbətini Söz dillənir, söz danışır, söz deyirdi.

Harda qəmli adam görsə, qış günüydü, Harda xoşbəxt insan görsə, xoş günüydü. Nə var-dövlət, nə şan-şöhrət düşkünüydü, Son qazanca beşcə arşın bez, deyirdi.

Söz dünyası min naxışlı əlvan xana, Bir ovsundu, həyat verir ruha, cana. Saf duyğular pıçıltıyla Zəlimxana, Hüseyn Arif dastanını yaz deyirdi.

2001, 20 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.