Hüseyn Arif haqqında xatirə şeirləri
I
Hüseyn Ariflə, ustadımızla, Hər yerdə Kərəmlə Lələ kimiydik. Baş-başa verərdik eldə-obada, Ruhlara saçılan şölə kimiydik.
Sərbəst dolanardıq, azad yaşardıq, Kövrək duyğularla dolub-daşardıq. Vurğundan deyəndə vurğunlaşardıq, Günəş ətrafında halə kimiydik.
Kür üstə Yəhya bəy Dilqəm olardıq, Qəmli könüllərə həmdəm olardıq. Ağrıya, acıya məlhəm olardıq, Yaralar üstündə pilə kimiydik.
Əzizlər yanında əzizdən əziz, Dənizlər yanında dalğalı dəniz. Meh kimi ətirli, şeh kimi təmiz, Çiçəklər üstündə jalə kimiydik.
Ürək geniş olsa, sığmaz darlığa, Saçar işığını bütün varlığa. Saxtalar içində saxtakarlığa Tərsinə açılan şillə kimiydik.
Ağrılar çökəndə xalqın canına, Kədərdən qolları düşdü yanına, Qanımız dönəndə şəhid qanına, Çöllərdə qızaran lalə kimiydik.
Oğul dağı gördük, qız dağı gördük, Dərd yükü daşıdıq, duz dağı gördük. Canda qar qalağı, buz dağı gördük, Ürəklər yandıran nalə kimiydik.
Qəlbimiz odluydu, ruhumuz sərin, Sözümüz dadlıydı, eşqimiz dərin. Bir azca turşməzə, bir az da şirin, Narın pərdəsində gilə kimiydik.
Uymadıq sərvətə, baxmadıq zərə, Gəzdik könüllərdən gül dərə-dərə. Baharla qarışdıq çəmənliklərə, Qışda qar-boranlı çillə kimiydik.
Uçardı şəhərə, qaçardı kəndə, Dünyası sığmazdı bərəyə, bəndə. Şirin arzulardan söhbət düşəndə, Göylərə yüksələn pillə kimiydik.
Bilən tanıyardı izlərimizdən, Arı bal çəkərdi sözlərimizdən. Yağışlar yağardı gözlərimizdən, Şehlə dodaqları silə kimiydik.
Tez-tez xatırlardı igidi, əri, Gahdan Zal qızını, gah İsgəndəri. Nişana alanda böhtanı, şəri, Bir qoşalülədə güllə kimiydik.
O mənə ataydı, mən ona oğul, Mən ona ürəkdim, o mənə ağıl. Uzun bir dastandı, şirin bir nağıl, Damladan yağışa, selə kimiydik, Orta yol yoxuydu istəyimizdən, Ürəkdən dodağa, dilə kimiydik. Yol gedən mən idim, yol göstərən o, Hər yerdə Kərəmlə Lələ kimiydik. Qağam bu dünyadan köçüb getsə də, Allah yaxşı görür, yaxşı göstərir, Obaya kimiydik, elə kimiydik.
II SƏNİ MƏNDƏN SORUŞURLAR, AY QAĞA
Xatirələr dindirəndi, dinəndi, Hər nə varsa, xatirəyə dönəndi. Şair ömrü ölümləri yenəndi, Gözlərimdən heç getmirsən uzağa, Səni məndən soruşurlar, ay qağa!
Ağacların albalısı, alçası, Yaylaqların yaşıl çəmən xalçası, Bulaqların lilpar adlı dolçası, Həsrət ilə baxıb dosta, qonağa, Səni məndən soruşurlar, ay qağa!
Bu, ömürdü, dolu keçir, boş keçir, Yaxşı keçir, yaman keçir, xoş keçir. Yavaş-yavaş yaş üstündən yaş keçir, Qocalar da dönüb kövrək uşağa – Səni məndən soruşurlar, ay qağa!
Qarışqalar kol dibində iz açır, Bənövşələr baş qaldırır, göz açır. Ana torpaq hər gün səndən söz açır, Nəğmələrin düşür dilə-dodağa – Səni məndən soruşurlar, ay qağa!
Qatarlanıb durna gəlir yanıma, Cərgələnib sona gəlir yanıma. Oğul dərdli ana gəlir yanıma, Səndən ötrü düşüb səsə, sorağa, Səni məndən soruşurlar, ay qağa!
Çiçək dərən qız, gəlinə bir də bax, Buz üstündə dağ kəlinə bir də bax. Gözəlliyin heykəlinə bir də bax, Cüyür enir, ceyran gəlir bulağa, Səni məndən soruşurlar, ay qağa!
Qartaldımı qayalara ün salan, Həsrətdimi saçlarıma dən salan, Əcəldimi səni məndən gen salan. Bülbül ötür, qumru qonur bulağa – Səni məndən soruşurlar, ay qağa!
Sızıldasa arı, şanım neyləsin, Dərdi dərdə qarışanım neyləsin. Neçə könlü pərişanım neyləsin, Gözəllərin yaşı axır yanağa – Səni məndən soruşurlar, ay qağa!
Yazılmayan varaqların ağ qalıb, Şükür haqqa, yazdıqların sağ qalıb. Mən nə deyim bu bağçaya, bu bağa? Mən nə deyim oxunmamış kitaba? Mən nə deyim yazılmamış varağa? Səni məndən soruşurlar, ay qağa!
Dağda qarım, sünbülümdə dənimsən, Hər dərdimə, həsrətimə qənimsən. El bilir ki, sən hər zaman mənimsən, Baş əyirəm uyuduğun torpağa, Məni səndən ayrı salmaq çətindir, Səni məndən soruşurlar, ay qağa!