Hicran hansı, bilmədim
Fələk mənə qəm badəsin verəli, Vüsal hansı, hicran hansı, bilmədim. Haqq işinə tən vermişəm, görəli, Arzu hansı, ərman hansı, bilmədim.
Bəndə olsan, gözlə haqqın rizasın, Cəbr eyləsə, çəkməlisən cəzasın, Əcəl atar bir gün tiri-qəzasın, Kiriş hansı, kaman hansı, bilmədim.
Bir surətəm, baxman, bu gün özümə, Arif olsan, qulaq vergil sözümə, Dünya dibi yox görünər gözümə, Dövr hansı, dövran hansı, bilmədim.
Az ömrümü çox sevdaya satmışam, Bu canımı ol dəryaya atmışam, Nə ümmandır, nə dənizdir, batmışam, Zəmin hansı, zaman hansı, bilmədim.
Hər kim girsə ol dənizə-ümmana, Başın alıb çıxa bilməz bir yana, Qədəm qoydum ol səhraya, meydana, Can hansıdır, cahan hansı, bilmədim.
Mən dünyanı asmandakı rəng bildim, İsti-isti anlamadım, son bildim, İndi onun varın-yoxun mən bildim, Xeyir hansı, ziyan hansı, bilmədim.
Məxdumqulu, yolun önü, ardı var, Çəkər yükün, hər kişinin mərdi var, Ürəyimdə pünhan eşqin dərdi var, Dərd hansıdır, dərman hansı, bilmədim.