Həzrəti Əliyə qəsd olan gecə
O gecə gözünə getmədi yuxu, Fikri, düşüncəsi getdi dərinə. Bəndənin Allaha ağ olmağından, Şikayət elədi peyğəmbərinə.
O gecə zülmətlə əlbəyaxaydı, Nur kimi dünyaya dağılan kişi. Kəbənin içində dünyaya gəlib, Allahın evində doğulan kişi.
Onun gözlərində, baxışlarında, İşıqlar sozaldı, şamlar əridi. Bilmirdi o gecə son gecəsidi, Bilmirdi o səhər son səhəridi.
Qəlbinə danmışdı nəsə elə bil, Qəlbindən, ruhundan al-qanlar axdı. Özü də bilmədi, sonuncu dəfə Həsənə boylandı, Hüseynə baxdı.
O hardan biləydi qarşıda nə var, Evindən çıxanda gecə yarıydı. Bağlanan həyatın nurlu gözləri, Açılan ölümün qapılarıydı.
Kufə məscidinə gedirdi evdən, Bilmirdi bu gediş son gediş idi. Ağlına gəlməzdi başına gələn, Neyləsin, hamısı Allah işidi.
Burda tamamlandı ömür dəftəri, Son arzu, son istək, son həvəs oldu. Dilindən düşmədi Allahın adı, Son gecə, son namaz, son nəfəs oldu.
Daşıdı yükünü daşınmaz qəmin, Getdi güdazına bir ağlı kəmin. Qılıncı enəndə ibn Mülcəmin, Dünya gözlərində dar qəfəs oldu.
Başından almışdı qəfil zərbəni, Nurlu saqqalına axırdı qanı. Tanıdı gözləri sataşan kimi, Qatil Mülcəm oğlu Əbdülrəhmanı!
Əbu Süfyan oğlu Müaviyənin, Qurduğu fitnəyə, felə gedirdi. Allahın aslanı, Allahın şiri, Bu qoca dünyadan belə gedirdi.
Arxadan adama yara yetirmək, Alçağın, namərdin işi sayılıb. Döyüş meydanında döş-döşə gəlib, Üz-üzə gələnlər kişi sayılıb.
Kişilik hardaydı Müaviyədə, Öndə kişi durar, daldada gədə. O heç istərdimi cənab Əliylə, Döş-döşə dayansın, üz-üzə gəlsin. Gücü çatardımı qara bayquşun, Günəşin nuruyla göz-gözə gəlsin!
Kədər bir dəryadı, sevinc qətrədi, Dinmək istəyənin dili büdrədi. Məkkə silkələndi, Kəbə titrədi, Həzrəti Əliyə qəsd olan gecə!
Qaya parçalandı, daş quma döndü, Axdı göz yaşları, daşqına döndü. Çaşdı eşidənlər, çaşqına döndü, Həzrəti Əliyə qəsd olan gecə!
Kufənin köksündə qanlı yaradı, Bağrı didim-didim, para-paradı. Tarixin yanında üzü qaradı, Həzrəti Əliyə qəsd olan gecə!
Kufə, 1994, sentyabr