Əsas məzmuna keç

Qoşma

Heyrət

Zəlimxan Yaqub

1

Çağlamaq, çağlamaq istəyirəm mən, Bulağa döndərir bulaqlar məni. Hələ ki, heyranlıq gəlir əlimdən, Özünə tay bilir uşaqlar məni.

Gözəldən gözəldi çaylar, çeşmələr, İki göz gərəkdi baxa doyunca. Gör nələr istəyir ürəyim, nələr, Nəğməsi süzülə, axa doyunca.

Gözünə köçürüb Günəşi, Ayı, Ulduzun sehrinə vurulan mənəm. Gecəsi, gündüzü, həftəsi, ayı, Heyranlıq üstündə qurulan mənəm.

Bəxtini, ömrünü tapşırır göyə, Zirvələr quşuna heyranlığım var. Meydanı, dünyası genişdir deyə – Qartal uçuşuna heyranlığım var!

Yarpağı titrədir mehin nəfəsi, Dolur sevda kimi başıma mənim. Qumrunun avazı, bülbülün səsi, De, necə gəlməsin xoşuma mənim.

Tufanda ağardır dənizlər saçı, Saçların ağından heyrətə gəlləm. Olur ucalığı başımın tacı Dalğanın dağından heyrətə gəlləm!

Hardandı bu qədər gücü, qüdrəti, Dağın duruşuna düz heyrətdədir! Torpağa baxmaqdan yorulmur qəti, Baxış heyrətdədir, göz heyrətdədir!

Heyrətdən yaranıb bu qoca dünya, Varlığın, dünyanın özülü heyrət. Şeirimlə öyünsün qoy uca dünya, Nəsimi heyrətdir, Füzuli heyrət!

Süzülüb, seçilib sözlərin xası, Duyğular selində daranmadımı? Ələsgər təcnisi, Vaqif qoşması, Gözələ heyrətdən yaranmadımı?!

Heyrətsiz bir ömür hədərdir, hədər, Həmişə qaynasın bulaq heyrətim. Qoy məni izləsin qəbrimə qədər, Bu körpə marağım, uşaq heyrətim!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.