Əsas məzmuna keç

Heca şeiri

Heyif səndən

Zəlimxan Yaqub

2

Dəyərini duymamaq Bağışlanmaz suç imiş. Bircə quruşa dəyməz, Sənsiz dünya heç imiş. Sənsizliyin ünvanı Bu dünyada köç imiş, – Heyif səndən, ay ürək.

Hər gün ağrıtdım səni, Ağır bir cəza verdim. Sudan oda tulladım, Oddan ayaza verdim. Heyif, çox gec anladım, Çox tez güdaza verdim, – Heyif səndən, ay ürək.

Gündə bir arzudasan, Gündə bir həvəsdəsən. Döyünüb çırpınırsan, Can adlı qəfəsdəsən. Ürəyimə toxunur, Deməsinlər xəstəsən, – Heyif səndən, ay ürək.

Gecə-gündüz çəkdiyin Bu ahlar yıxıb səni. Dirigözlü açdığın Sabahlar yıxıb səni. Zəhərlənmiş kimsələr, Timsahlar yıxıb səni. Allahdan xəbəri yox “Allahlar” yıxıb səni, – Heyif, min dəfə heyif, Heyfi səndən, ay ürək.

Almaniya, Bilefild, 2004, 7 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.