Heyif gözəlliyə, heyif gözələ
Baxışlar qurumuş bulağa dönüb, Yanaqlar saralmış yarpağa dönüb, Ömrün qaynar çağı sazağa dönüb, İtənlər tapılıb gələrmi ələ, Heyif gözəlliyə, heyif gözələ!
Cəsarət ləngidi, fərd önə düşdü, Dünya bir keşişin fəndinə düşdü, Əsli düymələrin bəndinə düşdü, Heç oldu Xan Kərəm, puç oldu Lələ, Heyif gözəlliyə, heyif gözələ!
Dərdi zirvəsinə çatan görürəm, Bəxtin Günəşini batan görürəm. Dünən ayaq üstə gəzən dostumu Bu gün yanı üstə yatan görürəm. Mələ, ey ürəyim, quzutək mələ, Heyif gözəlliyə, heyif gözələ!
Zaman yatırdanı tufan oyatmaz, Dünyanın gedişi ürəyə yatmaz. Əlimiz bahara çatar, ya çatmaz, Payız öz hökmünü yeridir hələ, Heyif gözəlliyə, heyif gözələ!
Qəlbimiz həmişə aldanmış, uymuş, Sən demə, ömrümüz xoş bir yuxuymuş. Yaşıl olmağın da axırı buymuş, Xəzələ baxıram, yatan xəzələ, Heyif gözəlliyə, heyif gözələ!