Heyif göy üzünə, heyif göylərə
Göylərin bakirə vaxtı var idi, Göyün də göy kimi baxtı var idi. Allahın yanında xətri-hörməti, Peyğəmbər yanında taxtı var idi. İbrahim dilində, İsa dilində, Məhəmməd dilində, Musa dilində Göydən “İncil” gələr, “Tövrat” gələrdi, Quran ayəsinin hər gəlişiylə, Dünyaya təzə bir həyat gələrdi. Hələ göy üzünə insan oğlunun, Raket zərbələri tuşlanmamışdı. Hələ göy üzünə allahsızların, Qəfil hücumları başlanmamışdı.
“Ağılsız köpəklər ulduza hürüb”, Göy üzü bu qədər daşlanmamışdı. Min il gözləsən də, bu yer üzünə Daha göy üzündən bir ayə gəlməz. Tək bircə nöqtəsi, vergülü belə, Bir günə, həftəyə, bir aya gəlməz. Nahaqdan Allahı çağırmaq əbəs, İnsanı şeytandan ayırmaq üçün, Allahın özü də haraya gəlməz. Şeytanın fitvası tutub dünyanı, Çirkab olan yerdə Allah görünməz. İnsanın başına öz əməlləri, Corab olan yerdə Allah görünməz. Şeir də, ayə də, nəğmə də, söz də, Göylərin durulan yerindən gələr, İnsanın ilahi bir məhəbbətə, Göylərə vurulan yerindən gələr. Heyif, göylərdəki büllur saflığa, Heyif, ləkələnmiş bu şəffaflığa. Bir dəfə deməklə qəlbim soyumaz, Bəlkə, milyon kərə, bəlkə, min kərə, Heyif, göy üzünə, heyif göylərə.