Həyatdan yazanlar geri qalıblar
Zülüm görməyənlər zülümdən yazır, Ölüm görməyənlər ölümdən yazır. Bir dəfə əlini köz yandırmayan, Əslinin, Kərəmin külündən yazır.
Heç kəs boynumuza minnət qoymasın, Hər kəsin ölümə bir can borcu var. Hamı qurbanlıqdı bu dünya üçün, Hamının dünyaya qurban borcu var.
“Ölüm” ifadəsi, “Allah” kəlməsi, Şordan ucuz olub söz bazarında. Allahı, ölümü atıb-tuturlar, Fındıq bazarında, qoz bazarında.
Günəş yox, işıq yox, nur yox, həyat yox, Guya ki, hamıya zülmətdi dünya. Guya heç bir kəsi sevindirmədi, Hamıya, hamıya zülmətdi dünya.
Ölüm şeirləri baş alıb gedir, Ölümü əkirlər, səpirlər indi. Tüpürüb üzünə nurun, həyatın, Ölümün üzündən öpürlər indi.
Ölüm şeirimizdə şahlıq eyləyir, Ölüm şeirimizin şahıdı indi. Həyatdan yazanlar “geri qalıblar”, Ölümdən yazanlar dahidi indi.
2002, 31 iyul