Əsas məzmuna keç

Heca şeiri

Həyatda insan kimi yaşamaq istəyirəm

Zəlimxan Yaqub

1

Lal duran, tərpənməyən, danışmayan, dinməyən, Qarlı qışda üşüyüb, baharda isinməyən, Torpağının adıyla fəxr edib, öyünməyən, Doğma yurda bağlanıb, xalq üçün döyünməyən, Ürək nəyimə gərək! Qoy məhv olsun o ürək! Belə qəlbi həyatda yaşatmayaq, öldürək! Bir yıxılan görəndə baxıb ləzzət almayaq, Dəliyə ağıl verək, gülüşüb əl çalmayaq, Həqiqəti yaşadaq, həyatda alçalmayaq! Üzə gülüb, arxada hiylə qurub, şər qurub, Yalana doğru deyib, nahaqdan üzə durub, İki dost ürəyinin arasına girməyək! Faydasız işdən ötrü vicdanı itirməyək! Vicdanımı unudub itirmək istəmirəm! Təmtəraqsız bir ömrü bitirmək istəmirəm! Nəyə lazım o həyat! Günəşsiz bir Kainat! Qəlbi kinlə doldurub, dumanlara bürünüb, Hələ diriykən ölüb, ayaqlarda sürünüb, Yaltaq olub, əyilib, uzanmaq istəmirəm! Özümü başqasından baş tutub, üstün sayıb, Ömrü hədər keçirib, məhəbbətsiz yaşayıb, Müftəxorluq içində kef sürmək istəmirəm! Ayı, ili mənasız ötürmək istəmirəm! Qolumun qüvvətiylə, öz alnımın təriylə, İşimlə, zəhmətimlə, ağlımın hünəriylə, Coşqun məhəbbətimlə, qaynar olan qanımla, Xeyirxah əməlimlə, ləkəsiz vicdanımla, Xalqımın nəzərində ucalmaq istəyirəm! Məharətdən, əməkdən güc almaq istəyirəm! Qardaşlığı yaşadıb, qəlbi qəlbə bağlayıb, Fəlakətin ömrünü səadətlə dağlayıb, Həyat döyüş yoludu – nə durub, nə dincəlib Hər sevimli bayram yüksəlişimlə gəlib, Təbiətin, sənətin önündə baş əyirəm, Həyatda insan kimi yaşamaq istəyirəm!

1968, 15-18 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.