Əsas məzmuna keç

Qəsidə

Həva bərgi-xəzani bağ içində tökməkdə lərzan

Məhəmməd Füzuli

1

Həva bərki-xəzani bağ içində tökmədə lərzan, Olur hər yan yaşıl otların üstü sanki zərəfşan.

Olub gülşən üzü təzə və yarpaqlar təmizlənmiş, Silibdir qəm tozunu hər tərəfdən qətreyi-baran.

Külək vermiş məgər gül şaxinə yazdan xəbər kim, o, Verib zər paltarın yarpaqdan olmuşdur belə üryan.

Qaçıb deydən* gümüş pul tək çiçəklər gizli saxlanmış, Xəzan açmış xəzinə, aləmə səpmiş qızıl reyhan.

Çəməndən nazəninlər evlərə meyl etdilər indi Ki, xəlvətdə nigarın vəslinə vardır əcəb imkan.

Çirağü sağərü səhba şəbistanə verib ziynət, Daha xoşdur bu sərvü laləvü gül indi bostandan.

Belə mövsümdə bir künci-fərağətdə olan arif. Edir qış fəslinin şiddətlərini özünə asan.

Ona, bil, eyni-işrətçin bahardan da xəzan xoşdur, Əgər yoxdursa gül bağda, yanında əyləşib canan.

Girib bir xəlvətə şəm’ü mey ilə xoş ola qəlbi, Misali-lə’l ola mə’dən ilə dəmsazü həmdastan.

Girib xəlvətsərayə gizli qalsın qönçə tək ta ki, Desinlər əbri-nisan gülşən içrə oldu dürəfşan.

Bahar əyyamı yer səthi dönübdür bir gülüstanə, Açıb hər bir tərəfdən gül, yaranmış cənnəti-rizvan.

Töküb gül yarpağı şəbnəm, ürəklərdən silindi qəm, Qızıl gül şaxəsi hərdəm açıb ləb oldu xoş xəndan.

Xəzan əl çəkdi ğarətdən bu səhni-gülşəni baği, Ədalət bayrağı açdı, gül oldu gülşənə sultan.

Hava gül şaxəsindən qönçələr qaçıb qaçırmışdı, Geri verdi nəhayət qönçəni, oldu yəqin peşman.

Bu aləm geydi rəngarəng libasi səbzəvü güldən, Sanasan dini-islamə gətirdi köhnə gəbr iman.

Səba fəxr etdi səbzəylə, yaşıllıq gülsitan ilə, Səmən gül cilvəsinə, gül də sərvin rəqsinə heyran.

Tikan batmış ayağına gülün, sərv isə bənd olmuş, Əcəb, bəs bu necə işdir ki, onlar oldular rəqsan?!

Şəfəq tək hər tərəfdən bir çiraq yandırdı hər lalə, Haman atəşlə qurtardı bütün aləm soyuq qışdan.

Qurubdur xeyli səhradə, çıxıbdar qönçədən güllər, Keçibdir xəlvət əyyamı, çatıbdır mövsimi-seyran.

Həvadən qorxaraq şəm’i-şəbistan tək qalan dilbər Çıxıbdır sərv tək indi, olubdur azimi-bustan.

Yaşıl otların üstünə səpilmiş daneyi-şəbnəm, Düzülmüş sanki firuzə üzündə dürlər yan-yan.

Çıxıb gül mənbərinə bülbüli-şirin-zəban, sanki, Odur indi xətibi-xütbeyi-şahənşəhi-dövran.

Şəhi dünyavü din Sultan Süleymani-mələksiyrət Ki, ədl ilə olub varis Süleyman mülkünə əl’an.

O bir şahdır, onun zikri gəlir xoş əhli-dünyayə, Bahari-gülşəni-canə, nəsimi-lütfü vermiş can.

Ayırdı hümməti ilə həqiqət ilə, nahəqqi Təriqi-taəti oldu həsari-küfr ilə iyman.

Bütün viranələr indi onun feyzilə abaddır Səxali əlləri etdi fəqət öz gəncini viyran.

Onun dövründə məhv oldu cəfavü zülm aləmdə Ki, aşiq bilmədi hətta nədir işkənceyi-canan.

Onun dövlət əsasından qəza me’marı hökmilə, Cahanda altı səmtilə müəyyən oldu dörd ərkan.

Döyüş vaxtında ol şahin oxuyla xəncəri əlbir, Həvavü su kimi işlər, qızıl qanə dönər meydan.

Qılıncı doğrayar dərhal o bədxah düşmənin qəlbin, Rəqibin gözünə sivri tikan tək sancılar peykan.

Quranda məclis ol sultan düşər baği-Irəm yadə, Qədəh bir səlsəbildir, saqisidir huriyü qılman.

Firudin bəxtli bir şahsan, Səlim ayinli iqbalın, Sənin tə’rifin olmuşdur misali-Rüstəmi-dastan.

Işin düz oldu, çünki düz olub hər söz və ilqarın, Rəqibin əydi qamət, əyridir çün ondakı peyman.

Günəş tək hər yerə saldın nəzər, nur aldı dünyanı, Rəqiblər kölgə tək səndən qaçıb tez oldular pünhan.

Sənə şər’ilə baqidir həmişə feyzi-dövlət, bil, Kimə Xizr olsa bir pişrov, yaşar əlbəttə cavidan.

Fələk gördükdə rəxşində olan cövlanı, mat qaldı, Donub qaldıqda, heyrətdən dayandı gərdişi-dövran.

Böyük şahim, Füzuli bir susan bülbüldü aləmdə, Dil açdı indi sayəndə, necə gör oldu xoşəlhan.

Sənin dərgahinə gəldi, buraxdı başqa dərgahi, Olub xani-Xəlilullahə sanki bir fəqir mehman.

Ümidim var bu dünyadə edim mən də səni tə’rif, Necə Məhmudi Firdovsi və Sultan Veysi də Səlman.

Bu mədhində mənim nəzmim sənə bəxş eyləyər şöhrət, Sözün feyzi edibdir hər kəsi, bil, şöhreyi-dövran.

* * *

Lüğət: Lərzan – titrəyən; Zərəfşan – qızıl tökən; Baran – yağış; Nigar – şəkil; gözəl; Sağər – qədəh, piyalə; Səhba – şərab; Əbri – neysan – neysan buludu; Rizvan – behiştin xəzinəsi, cənnət; Ləb – dodaq; Xəndan – gülən; açılmış; Xeyl – dəstə, tayfa; Şəbistan – yataq otağı; Azim – əzm edən, bir tərəfə gedən; Zəban – dil; Əhli – raz – sirr əhli, sirdaş; Nəsimi – gülriz – gülləri tökən səhər küləyi; Can – ruh, bədən; Təriqi – hüda – hidayət yolu, doğru yol; Gənc – xəzinə; Peykan – oxun ucundakı dəmir; Peyman – əhd, söz; Pünhan – gizli; Baqi – həmişəlik, qalan, daimi; Dil – ürək; Firdovs – cənnət

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.