Əsas məzmuna keç

Satirik şeir

HƏSƏN QARA HADİYƏ

Seyid Əzim Şirvani

2

Ey olan hadiyi-ərbabi-zəlalət, Hadi, Ey müzillini edən həqqə hidayət, Hadi. Eylədin sən ki bu mehdiliyə adət, Hadi, Elə bəs aləmə təbliği-risalət, Hadi!

«Əhsənül-qaidənin» sahibi, yaxud özü bəg, Yazmış idi, nə rəva xəlq olur, ağköynək? Sən oba aşrı, əzizim, nəyə lazım hürmək, Nə üçün eylədin izhari-ədavət, Hadi?!

İnşaallah, saba-birgün yetişir, mahi-əza, Gey kəfən, yar başuvi, tök yaşuvi, bağla qəra, Səni meydanda görən kimsə desin namxuda, Eləyibdir yenə aləmdə qiyamət Hadi!

Əlüvi tutmadı bir kimsə ki, qardaş, sənin, Can sənin, cism sənin, tiğ sənin, baş sənin. Cəm ola baxmaq üçün sünni, qızılbaş sənin, Baxıban onlara sən eylə fəxarət, Hadi!

Leyk siz bir para büdətlər edibsiz iycad, Qoymusuz adını siz təziyə, ey əhli-fəsad! Sizə bu təziyədən özgə həvəslərdi murad, Mən ölüm, sən bir özün eylə mürüvvət, Hadi!

Bu deyilmi qərəzin başuvi sən çapmaqdan, Yəni ki canımı cananə edərdim qurban, Maluvi bəs nə üçün eyləməyirsən ehsan, Quru baş çapmağa sən etmisən adət, Hadi!

Xatirin cəm elə kim, gər bu isə rəsmi-əza, Sənə nifrin edəcək padşəhi-Kərbübəla, Bədənin zəhmətinə şərdə yoxdur fitva, Yoxsa var sizdə, görək, tazə şəriət, Hadi?

Leyk peyğəmbər olan həcv eləməz ümmətini, Kişi lazımdı çəkə ümmətinin qeyrətini, Gərçi həcv eyləyənin yoxdu kəsən ...... Sənə bu həcv nə fərz oldu, nə sünnət, Hadi!

Xaçpərəstlər hamısı açdı gözün düşdü qabaq, Dalda qaldıq tökülüb cəhl ilə biz, ay sarsaq! Bəs nə vəqti bizə qismət olacaq göz açmaq? Əqlə gəl, tanrıya bax, bəsdi bu qəflət, Hadi!

Bu hədisi nə zaman zikr qılıb peyğəmbər – Ki, olur rus diliylən oxuyan kəs kafər? Allah, Allah, bu nə böhtandır, əya hiylətgər, İxtilafati-lisandır bizə nemət, Hadi!

Kim ki bir dil bilə, bir nemətə ol vasildir, Kim ki çox bilsə, o çox nemətə bəs şamildir, Leyk aləmdə hər ol kimsə ki, naqabildir, Edəcək qeyr lisanı o məzəmmət, Hadi!

Kim deyər ağlama sən Kərbübəla sərvərinə? Canımız cümlə fəda olsun onun Əkbərinə, Ağladı ərzü səma təşnə ölən Əsğərinə, Onu inkar edənin zatına lənət, Hadi!

Biz də müddət «zərəbə Zeyd» kitabın oxuduq, Rişteyi-ömrümüzü nəhv ilə sərfə toxuduq, Bari biz taifə əzzəldə yenə bir... Olmuşuq indi dəxi eyni-nəcasət, Hadi!

Tut, Həsən bəy bizə təlim eləyir dərsi-zəlal, Götürüb boynuna ol, kafər olub, vizrü vəbal, Niyə təlimə siz ətraflı qılırsız irsal, Bilməyirsiz niyə bəs eybü qəbahət, Hadi?

Oxudur cümlə uşaqlarını xanü bəgüvüz, Neməti-rus ilə pərvərdə olub cəmdəgüvüz, Bilməyən rus dilini, bəlkə, ola tək-təkivüz, Sizdə var hamıdan artıq ona rəğbət, Hadi!

Şükrlillah ki, bizim padşəhi-kişvəri-Rus, Ol zamandan ki, edib təxti-ədalətdə cülus, Bizləri eyləməyib elmü ədəbdən məyus, Doldurub aləmi insafü ədalət, Hadi!

Mərhəba mülki-Qarabağın əzadarləri, Tanrı əfzun eləsin siz təki dindarləri, Seyyida, bəsdi, əgər görsə bu əşarləri, Çəkəcək tutduğu kirdarə xəcalət Hadi.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.