HƏSƏN BƏY MƏLİKOVA
Əssəlam, ey əhaliyi-zişan! Ey olanlar bəla oxuna nişan. Nə bəla? Cəhlü dərdi-nadanlıq, Ey tutan cəmini pərişanlıq! Neçə müddətdi ki, Həsən bəyi-zar, Hüsni-tədbir ilə o fəxri-kibar, Öz qədimi lisanımızda haman, Qəzetə çapını edib ünvan. İzn hasil qılıbdı dövlətdən; Biz gərək dəm vuraq səadətdən. Özünə gərçi yoxdu faidəsi, Leyk var xəlqə feyzi-zaidəsi. Feyzi-əvvəl budur ki, müxtəsəri, Yetirir ol cənab hər xəbəri. Oluruq hali-aləmə vaqif, Bu bizə bəs deyilmi, ey arif? Feyzi-sani budur ki, hikmətdən, Şərh edir kəsbdən, ziraətdən. Əkibən elm töxmünü o cənab, Məzrəi-aləmi edir sirab. Ol bizə bir səhabi-rəhmətdir, Baisi-abruyi-millətdir. Gərçi hər dildə var qəzetlər çox, Bizə ondan vəleyk faidə yox. Bilmirik rus, ya firəng dili, Hər dilin rəmzini öz əhli bili. Bizdə yox rusi, həm firəngi səvad. Olmuşuq türki, farsiyə mötad. Onu da hiç bilmirik kamil, Əksəri-xəlq əvamdır, cahil. Bəs «Əkinçi» bizə münasibdir, Qiyməti yaxşı, mali-kasibdir. Bəs «Əkinçi» cəlalımızdı bizim, Nasehi-xoşməqalımızdı bizim. Səy edin, ey güruhi-niksifat! Etməsin ta bizim «Əkinçi» vəfat. Sonra göydən əgər enə İsa, Edə bilməz o mürdəni ehya. Ey «Əkinçi» xirid edən kəslər, Verməsə cəngdən «Əkinçi» xəbər, Qəzetə tərkin etməyin zinhar, Nə gərəkdir bizə o nəqlü güzar. Qədəğəndir o növ söhbətlər, Eşidin pəndlər, nəsihətlər. Biz gərək səy edək məişət üçün, Sənətü kəsb üçün, ziraət üçün.
«Əkinçi» qəzetinə yardım üçün