Əsas məzmuna keç

Heca şeiri

Hər üçümüz

Zəlimxan Yaqub

1

Ürək məni sizin evə gətirən zaman, Payız fəsli, xoş havalı bir axşam idi. Hardan desək toy sözünün üstə gəlirdik, El-obatək könlümüzdə toy-bayram idi.

Saat gəlib neçə olub, neçə bilmədik, Bircə sözdən həyəcansız keçə bilmədik. Necə gəldi, necə getdi gecə, bilmədik, Bizi belə alışdıran arzu-kam idi.

Təbiət də lap olmuşdu şair xəyallı, Oxşayırdı könlümüzü yaşıllı, allı. Eşq o anda süzülürdü şəkərli, ballı, İçən oğul istəyirdi, dolu cam idi.

Unutmaram o gecəni, o əziz anı, Ulduz kimi arzuların yox idi sanı. Hər üçümüz bir istəyə vermişdik canı, Danışan mən, alışan sən, yanan şam idi.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.