Hər şeyin sahibi, ağası bəlli
Siyasət içində siyasətə bax, Ticarət içində siyasətə bax, Kimi Allaha söyür, kimi bəndəyə, Söyüşə, təhqirə, şikayətə bax.
Kimdi şəhərlini, kəndlini sayan, Sözünü kim tutur bir ağsaqqalın? Hər şeyin sahibi, ağası bəlli, Böyüyü, kiçiyi, çağası bəlli. Bazar tacirindi, dükan baqqalın, Meşənin nəyi var vəhşilərindi, Ruzu canavarın, toyuq çaqqalın.
Əlilin dükanı əlilin deyil, Canı sağ-salamat “əlil”lərindi. Zəlilin yardımı zəlilin deyil, Diplomlu, savadlı “zəlil”lərindi.
Soruşma bu kimin, bu nəçinindi, Elə bilmə ki, Papaqçı dükanı papaqçınındı, Pinəçi dükanı pinəçinindi. Aşkarda əl açıb dilənənlərin, Gizlində piylənmiş dədələri var. Min yerdən sarsılan bu cəmiyyətin Ürəkdə sağalmaz zədələri var. Möcüzə baş verə, qəfil möcüzə, Görünən adların arxasındakı Görünməz adları görən tapıla. Dəli dalğalara, sərt tufanlara Çıxıb, sinəsini gərən tapıla. “Yağı yağ üstünə çıxa” millətin, Ayranı biryolluq ayranlıq ola. Ya aydınlıq gələ qaranlıqlara, Ya da birdəfəlik qaranlıq ola.
2000, 23 aprel Ankara