Əsas məzmuna keç

Heca şeiri

Hər şey gözəl olacaq

Zəlimxan Yaqub

2

Sıxılma, ey ürəyim, Təngimə, ey nəfəsim. Solma, ömür çiçəyim, Enmə, ucalan səsim. Heç nəyi istəmirəm, Həyata, insanlığa İnam bəsimdir, bəsim. Nur verirsə gözümə Vətən adlı gur ocaq, Hər şey gözəl olacaq!

Bilmirəm səndə yenə, Yersiz darılmaq nədir? Düşüb dumana, çənə, Yolda yorulmaq nədir? Sevincdən üz döndərib, Qəmə vurulmaq nədir? Kökdən düşüb susmağın, Vallah, nahaqdır, nahaq, Hər şey gözəl olacaq!

Güvən yaratdığına, Gücü ver ilhamına. O çatdırır insanı, Arzusuna, kamına. Səsini qoş ellərin, Toyuna, bayramına. Yaz bu günün şeirini, Al, bu qələm, bu varaq, Hər şey gözəl olacaq!

Sinənə çək ətrini, Çiçəyə dön tağında. Bil torpağın qədrini, Nemət ol qucağında. Havalan qartal kimi, Aranında, dağında. Oğlusansa bu yurdun, Sənindirsə bu torpaq, Hər şey gözəl olacaq!

Nəğmə deyən dilin var, Daha nə istəyirsən? Arxa duran elin var, Daha nə istəyirsən? Dildən, eldən, Vətəndən, Qiymətli nə gəzirsən. Baha nə istəyirsən? Bu el sənin elindir. Ellərin yaratdığı, Bu dil sənin dilindir. Hər sinənin altında Çatılırsa gur ocaq, Hər qayanın döşündə Çağlayırsa gur bulaq, Sayma özünü qonaq, Düşmə həyatdan uzaq, Hər şey gözəl olacaq! Hər şey gözəl olacaq!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.