Əsas məzmuna keç

Heca şeiri

Həmişə həyatdayam

Zəlimxan Yaqub

1

Ey əsli olmayan kəs, duya bilməzsən məni, Soyda, kökdə, özüldə, əsildəyəm, zatdayam.

Məndə məni görməyə səndə bir mənlik gərək, Oğulsan çıx yanıma, gör mən hansı qatdayam.

Keçmişdə köküm yaşar, gələcəkdə budağım, Hər ötən saniyədə, hər gələn saatdayam.

Məni insan yaradan Allahıma min şükür, “Quran”a, “İncil”ə bax, “Zəbur”da, “Tövrat”dayam.

Sürünənlə uçanın yer, göy qədər fərqi var, Məni ayaqda gəzmə, mən qolda-qanaddayam.

Adəmdən, Nuhdan bəri yolçusuyam yolların, Şər özünü yormasın, Haqqa çataçatdayam. Səhraların qumuyam, dəryaların damlası, Yerdə mənəm, göydə mən, sonsuz Kainatdayam.

Gün kimi doğulanlar qarışır şəfəqlərə, Rəngimi solğun görüb sanma batabatdayam.

Canım qara torpağın, nəfəsim göylərindi, Qəbirdə yatsam belə, həmişə həyatdayam.

2003, 2 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.