Əsas məzmuna keç

Qoşma

Həm olmasa

Məxdumqulu Fəraqi

1

Doxsan dürlü təam olsa qarşında, Nə ləzzət, içində duz həm olmasa. Nə bilərsən nə iş vardır başında, Müşkül işdir başda göz həm olmasa.

Ayaq var getməyə, əl var almağa, Hanı bəndə, sağlıq şükrün qılmağa, Qulaq vardır eşitməyə, bilməyə, Kim danışar dildə söz həm olmasa.

Yox yerdən can verib, yetirdi nanı, Könül bostanında bitər imanı, Adı bəndə olan, yiyəni tanı, Gəlib sənlə üzbəüz həm olmasa.

Qismətin haq bilən rizqin azlamaz, Söz bilənlər bilən sözün gizləməz, Könül cuşə gəlməz, dil həm sözləməz, Hər ürəkdə eşqdən köz həm olmasa.

İldən-ilə fəsad artar əyyama, Haqqın özü gətirməsə əncama, Dünya sözü bənzər duzsuz təama, Söz içində gəlin-qız həm olmasa.

Yum gözünü, gəz qısaraq dişini, Yaza yetsən, unutma sən qışını, Təvəkkül et, Ona tapşır işini, Səbr ilə bitər iş tez həm olmasa.

Məxdumqulu, xəyal düşüb özümə, Çox tamaşa gəlib, keçər gözümə, Eşidənlər, eyib etməz sözümə, Ellər kimi sözüm uz həm olmasa.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.