Hələ bu harasıdır
Versə ömrü zəhmətə, İnsan qocalmaz dedim. Yüz yol əkdim, becərdim, Yenə azdır, az, dedim. Payızına bərəkət, Qışına da yaz dedim. Bu qüdrəti vəsf elə, Kökdən düşmə saz, dedim. Torpağa məhəbbətim Yerlə-göy arasıdır, Hələ bu harasıdır.
Nəğmələrə dönəsi Min kəndim, şəhərim var. Zəfərlər tarixində, 9 may səhərim var. Xoş arzular dalınca, Nə qədər səfərim var. Dünyanın işlərindən, Mənim də xəbərim var. Söz külüngüm dağ çapıb Qayalar yarasıdır, Hələ bu harasıdır.
Yurdumun hər parçası, Varlığım, nəfəsimdir. Çaylar gücüm, qüdrətim, Bulaqlar həvəsimdir. Uçan bulud xəyalım, Çaxan şimşək səsimdir. Günəşdən uca dursam, Demərəm ki, bəsimdir. Baxışım od yuvası, Qəlbim od parasıdır, Hələ bu harasıdır.
Desə, quş olmalısan, Dağlarına qonaram. Desə, daş olmalısan, Yerimdəcə donaram. Desə, köz olmalısan, Mən köz olub yanaram. Mən bu sədaqətimlə, Ömrü ömür sanaram. Vətən ki gözlərimin, Ağıdır, qarasıdır, Hələ bu harasıdır.