Əsas məzmuna keç

Qoşma

Hələ bu dünyanın axırı deyil

Zəlimxan Yaqub

1

Yaxşının əvəzi yoxdu dünyada, Yaxşının gözləri toxdu dünyada. Yaxşı ki, yaxşılar çoxdu dünyada, Hələ bu dünyanın axırı deyil.

Baxma, intiqamı, qisası da var, Xilaskar Nuhu da, İsası da var. Məhəmmədi də var, Musası da var, Hələ bu dünyanın axırı deyil.

Duru duyğular var duru bulaqda, Şirin nəğmələr var odlu dodaqda. İlahi səslər var hələ qulaqda, Hələ bu dünyanın axırı deyil.

Quyu qazan varsa, yol çəkən də var, Ev yıxan olsa da, ev tikən də var. Baxma, qanqal da var, boz tikan da var, Hələ bu dünyanın axırı deyil.

Qılıncdan, nizədən, oxdan olardı, Varı talanardı, yoxdan olardı. Dağılan olsaydı, çoxdan olardı, Hələ bu dünyanın axırı deyil.

Göylə süz, quşla uç, atlıyla atlan, Dünya əzabına səbr ilə qatlan. Havalan, dalğalan, qayna, qanadlan, Hələ bu dünyanın axırı deyil.

Yerə güvəndiyi gümrahlıq verib, Göyə Günəş adlı bir şahlıq verib, Allah bu dünyaya Allahlıq verib, Hələ bu dünyanın axırı deyil.

2005, 31 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.