Əsas məzmuna keç

Heca şeiri

Hələ

Zəlimxan Yaqub

3

Qəlbinə el gücü yığa bilməsən, Ruhuna sel gücü yığa bilməsən, Dizinə fil gücü yığa bilməsən, Ürəklə yeriyə bilməyəcəksən, Qarşıda dərələr, diklər var hələ!

İnama uzanan yollar hazırla, Yumruğa çevrilən əllər hazırla, Ağırlıq qaldıran qollar hazırla, Bərkit qaya kimi çiyinlərini, Yerindən qalxası yüklər var hələ!

Nə gözdən yayına, nə iraq qala, Haqqı əzilənlər gərək haqq ala. Yaxın dur, həyan ol köməksizlərə, Hər qəmli könüldə bir ocaq qala. Tükənmir dünyanın ehtiyacları, Qəriblər, yalqızlar, təklər var hələ!

Şimşək şaqqıldadı, bulud titrədi, Göylərin bağrında sükut titrədi. Tufan təbiəti çəkdi sınağa, Qaya silkələndi, palıd titrədi. Qovğa da görmüşük, qırğın da, qan da, Qəm yemə, budaqlar təzələnsə də, Torpaqda sağalmaz köklər var hələ!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.