Həkim
Bir dəfə mən səndən dərman istədim, Evdə xəstə yatan atamdan ötrü. Dərmanı da tapdın, dərdi də tapdın, Nələr eyləməzdin adamdan ötrü.
Ağır yeriyərdin, az danışardın, Dinəndə dilindən dürr tökülərdi. İşığa dönərdin işıq sönəndə, Üzündən məclisə nur tökülərdi.
Biz sənə baxanda elə bilərdik, Dağların başında qara baxırıq. Məğrur qamətinə heyran olardıq, Hardasan, gör indi hara baxırıq.
Əllərin hər kimin əlinə dəysə, Ağrını unudar, həyat tapardı. Qolları yanına düşən xəstənin Xəyalı uçmağa qanad tapardı.
Bəd xəbər pis yerdə döydü qapını, “Şamil Əlizadə getdi!” – dedilər. Toyda yaxaladı loğmanımızı, “Əcəl bildiyini tutdu”, – dedilər.
Biz indi bildik ki, son nəfəsdə də, Sevinmək olarmış, gülmək olarmış. Bu mələk ölümü, quş ölümüydü, Oynaya-oynaya ölmək olarmış.
Yapışar beşikdən, qalxar bələkdən, Ələnər, insanlar keçər ələkdən. Bu da bir qaydadı çərxi-fələkdən, Yaxşılar həyatda az qalar, həkim!
Enərdik arana, qalxardıq dağa, Hərdənbir çıxardıq bağçaya, bağa. Səndən şirin-şirin söhbət açmağa Qəlbimdə həmişə söz qalar, həkim!
Bir yanda matəmdir, bir yanda şaxta, Bilmirəm nə deyim taleyə, baxta. Məzarın olsa da eldən uzaqda, Səndən qəlbimizdə iz qalar, həkim!
Ölüm yaman yerdə araya düşdü, Borçalı Bakıda haraya düşdü. Ömrün son mənzili Saraya düşdü, Arxanca nisgilli göz qalar, həkim!