Heç nədir
Xoş arzular bəzəyidir dünyanın, İnsan ömrü saf diləksiz heç nədir. Od Günəşin, su torpağın şöhrəti, Bağça gülsüz, bağ bəzəksiz heç nədir.
Könül doymaz gözəllikdən, gözəldən, Qara saça yaraşıqdı gözəl dən. Çılpaq dağa yazıq dedik əzəldən, Zirvə qarsız, döş çiçəksiz heç nədir.
Ağıl gərək ürəkləri eşidə, Ömür verə hər naxışa, çeşidə. Qızıl olsa beş barmağın beşi də, Ürək əlsiz, əl ürəksiz heç nədir.
İnsan üçün az yanmadı canım, az, İstəmərəm el yolunda yanım az. Bağlı qapı bin-bərəkət tanımaz, Yurd qonaqsız, ev çörəksiz heç nədir.
Ha alışa, ha sızlaya, ha yana, Çox çətin ki, yatan bəxtlər oyana. İgid gərək arxasında dayana, Ağır gündə el köməksiz heç nədir.
Sev, əzizlə budağını, kökünü, Daşı ömrün qayğısını, yükünü. Ay Zəlimxan, dərk eləsən bu günü, O, sabahsız, gələcəksiz heç nədir.