Əsas məzmuna keç

Müxəmməs

Həcər

Aşıq Ələsgər

1

Naqafil çıxdın qarşıma, Gözəllər sultanı, Həcər! Gəzmişəm, görməmişəm, Sən kimi insanı, Həcər! Dişlərin dürr dənəsi, Ağzın gövhər kanı, Həcər! Ay qabaq şölə verir, Cahan çıraqbanı, Həcər!

Qırçın düzüb libasına, Qabağının teli göyçək; Qaş qara, gözlər ala, Yanağının gülü göyçək; Dəhan baldı, dodaq qaymaq, Şirin ləhcə, dili göyçək; Şəkər sözün bəndə salıb Tutiyi-imranı, Həcər!

Başında herat kalağay, Hər paltarı darayıdı; Bəşərə bənzətmək olmaz, Göydə mələklər tayıdı; Turunclar baş göstərib, Qoynu Behişt sarayıdı; Aşıq görüb bu dünyada Cənnəti-Rizvanı, Həcər!

Ağ ipəkdən dizliyi var, Köynəyini geyib sarı; Gərdənə həmayıl salıb, Ətəyə düzüb mirvarı; Yaradandan istəmişəm, Var əlində ixtiyarı, Sara qismət eyləməsin Sən kimi tərlanı, Həcər!

Gözəllərin gözüsən, Sədan düşüb hər mahala; Qaşların cəllad olub Qəsd eləyir canlar ala. Mən sənə "bacı" dedim, Xalq düşməsin kəc xəyala, Ələsgərdən incik olma, Gözlərin qurbanı, Həcər!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.