Hazırlıq
Qış gələndə sərt gələcək, Qışa hazırlıq görürəm. Ölümə də, həyata da, Qoşa hazırlıq görürəm.
Kimi aşır, kimi daşır, Kim düz deyir, kimi çaşır. Altmışa yaxınlaşır, Yaşa hazırlıq görürəm.
Sevgi bağrımın parası, Ağrı qəlbimin yarası. Ehsan üçün aşqarası, Aşa hazırlıq görürəm.
Biryolluq gedən olacaq, Ruhsuz bir bədən olacaq. Başdaşım nədən olacaq, Daşa hazırlıq görürəm.
Çovğununda, qışındayam, Bəlaların başındayam, Lap yarğanın qaşındayam, Qışa hazırlıq görürəm.
2006, 18 avqust