Hazırlaş
Elə ki, göylərin çatıldı qaşı, Elə ki, buludun axdı göz yaşı, Elə ki, baş yardı taleyin daşı, Qar düşdü yaxında görünən dağa, Hazırlaş kədərlə qabaqlaşmağa!
Göyə sovrulursa ocağın külü, Qızınan qalırsa boynu bükülü, Şaxta aparırsa qızıl bir gülü, Sarılıq çökürsə bağçaya, bağa, Hazırlaş kədərlə qabaqlaşmağa!
Bir dağın yerində qalar bir təpə, Palıd cüssələri döndərər çöpə. Daşı qum eyləyər, dalğanı ləpə, Baxmır o gələndə xəstəyə, sağa, Hazırlaş kədərlə qabaqlaşmağa!
Dəmirdən diz gərək, poladdan bilək, Ağır zərbələrə dayansın ürək. Çapanda atını qasırğa, külək, Qoy səni döyüşdə saymasın çağa, Hazırlaş kədərlə qabaqlaşmağa!
Sənin çiynindədir yük, insan oğlu, Ömrün qayğısını çək, insan oğlu. Qalsan bu meydanda tək, insan oğlu, Bənzəmə torpaqda sürünən tağa! Palıd ol, baş qaldır buluda doğru! Hazırlaş kədərlə qabaqlaşmağa!