Hazır ol, könül
Sən möhkəm adamsan, özünü şax tut, Əzilib-büzülmək yaraşmaz sənə. Qəmli fikirləri qəmdən uzaq tut, Cərgədən üzülmək yaraşmaz sənə.
Bu dünya belədi, yaratdığına Həmişə dərd verib, azar verəcək. Dünən beşik verdi uyumaq üçün, Sabah yatmaq üçün məzar verəcək.
Cərrah bıçağına canın öyrəşib, Cəllad qılıncından özünü gözlə. Şöhrətin tacını başına qoydun, Zillətin tacından özünü gözlə.
Birdən xəyalını iblis çaşdırar, Aldanma iblisə, ayıq ol, könül. Böyük şöhrətlərə layiq olmusan, Düşsən, uçuruma da layiq ol, könül.
Sevincə xoş gəldin dediyin kimi, Dərdə də xoş gəldin deməyi bacar. Sevinci bal bilib yediyin kimi, Dərdi də bal kimi yeməyi bacar.
Kədərə qul olma, ağrıya nökər, Şah ol, sərkərdə ol, vəzir ol, könül. Xırda ağrılardı bu gördüklərin, Böyük ağrılara hazır ol, könül.
2010, 8 oktyabr