Əsas məzmuna keç

Qoşma

Hayıfsan

Aşıq Ələsgər

1

Danışdıq, barışdıq mərhəmət ilə, İnciklik araya qatma, hayıfsan! Sən tacir olmazsan bir manat ilə, Namusu, qeyrəti atma, hayıfsan!

Mövlam məni nəzərindən salmayıb, Huşum cəmdi, ağlım heç azalmayıb, Fani dünya Süleymana qalmayıb, Oyan bu qəflətdən, yatma, hayıfsan!

Siz təlaş eylərsiz iynə-biz ilə, Bizimki də gəlib gedər söz ilə. Əyri ol əyriylə, düz ol düz ilə, Hər yetəni sən aldatma, hayıfsan!

Düşəndə məclisə, ağır yığnağa, Mənə hörmət qoyur irəncbər, ağa, Söz uzansa, həcv çıxar qurşağa, Sözün dalın çox uzatma, hayıfsan!

Qəsəm olsun xudkeşlərin sərinə, Yalan söz iyidi salar dərinə, Köhnə dağarcığı tumaş yerinə, Aşıq Ələsgərə satma, hayıfsan!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.