Əsas məzmuna keç

Heca şeiri

Hayıf, vaxtımız azdı

Zəlimxan Yaqub

1

Həvəsi alov açıb, nəfəsi gül qoxuyan, Bülbüldü, yoxsa insan belə qaynar oxuyan. Bu nə gözəl nəğmədi, bu nə şirin avazdı, Oxumaq istəyirik, hayıf, vaxtımız azdı!

Bu incə döndərmələr, zərif xallar kimindir, Bu müqəddəs arzular, xoş xəyallar kimindir. Könüllərə od vuran kimin çaldığı sazdı, Dinləmək istəyirik, hayıf, vaxtımız azdı!

Güllərin insafı yox, çiçəklərin Allahı, Ayrılıq vaxtı gəlsə bizə çəkdirər ahı. Bu nə sehrli bahar, bu nə ətirli yazdı, Qoxlamaq istəyirik, hayıf, vaxtımız azdı!

Gözəlliyi, gözəli gözümüzdən qoymuruq, Ay Zəlimxan, dünyadan yorulmuruq, doymuruq. Həyat da heç soruşmur kimin işi tarazdı, Yaşamaq istəyirik, hayıf, vaxtımız azdı!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.