Havasını
Qorqudam, Abbasam, Ələsgərəm mən, Könlüm çalmasınmı saz havasını. Meylini verməzmi bağlara bülbül, Tərlan istəməzmi yaz havasını.
Düşəndə gözlərin dodağı qəndə, Günahdı salasan ürəyi bəndə. Sallama yerişli bir qız görəndə, Dinləmək istərəm naz havasını.
Sevdiyi varlığa tapşıranda can, Uca dağlar kimi ucalar insan. Aşıq! Nəğmə deyən dilinə qurban, Çal mənim anamın öz havasını.
1973, 23 oktyabr