Havası başqadı bu nəğmələrin
Yaz desən – bu yazın havası deyil, Saz desən – bu sazın havası deyil. Şirin bir avazın havası deyil. Ağrısı amansız, yarası dərin, Havası başqadı bu nəğmələrin.
Heç kəsə ziyanı, xətəri yoxdu, Tamahlardan xəbəri, ətəri yoxdu. Gözündə bir qəpik dəyəri yoxdu, Şöhrətin, sarayın, sərvətin, zərin, Havası başqadı bu nəğmələrin.
Ruhu qolboyundu çiçəklə, bağla, Anayla, bacıyla, sirdaşla, yarla. Yoxdu qohumluğu bu misralarla Hiylənin, fitnənin, böhtanın, şərin, Havası başqadı bu nəğmələrin.
Bahardan daha çox, xəzandan gəlir, Dərvişdən başlanır, ozandan gəlir. Haqqın kitabını yazandan gəlir, Kökləri şirəli, kölgəsi sərin, Havası başqadı bu nəğmələrin.
Canımda bəslənən ağrım-acımdı, Gözdə işığımdı, başda tacımdı. Əzəli əbədi ehtiyacımdı, Çəkin canınıza, ciyərinizə, Könül bağçasından gül kimi dərin. Havası başqadı bu nəğmələrin, Laylası başqadı bu nəğmələrin.
Almaniya, Münster şəhəri, 2008, 15 mart