Haray
Oyan, nə yatmısan Koroğlu babam, Ustadım, sərkərim, ozanım, haray! Tüfəng çıxan günü mərdlik gedəndə, Düşdü bağçamıza xəzanım, haray!
Hanı Dəmirçioğlu, hanı Xan Eyvaz, Dur, yeni tarixi öz əlinlə yaz. Bir əlində qılınc, bir əlində saz, Döyüş mahnıları yazanım, haray!
Göylərin günəşi saralan günü, İgidin meydanı daralan günü, Millətin yığvalı qaralan günü, Köhnə dəmir kimi qızanım, haray!
Bu gün qan gölüdü hər tərəfimiz, Bu gün qorxudadı şan-şərəfimiz. Yuxuda gördüm ki, batır səfimiz, Hardasan, yuxular yozanım, haray!
Qarış təpərimə, həyəcanıma, Qorxunu, hürkünü qoyma yanıma. Ana südü kimi keçib qanıma, Qan kimi damara sızanım, haray!
Azaddı, məhkumdu, dardadı gəlsin, Başı borandadı, qardadı, gəlsin. Hardadı, hardadı, hardadı gəlsin, Öz vaxtım, öz günüm, öz anım, haray!