Əsas məzmuna keç

Qoşma

Hara qaçacaqsan?

Zəlimxan Yaqub

1

Yağlı əppək olub göyə çəkilsən, Mən səni axtarıb göydə tapardım. Rəng olub çəməndə hopsan güllərə, Rəngini yaşılda, göydə tapardım.

Zəvvarın olardım, dərgaha dönsən, Günəşin olardım, sabaha dönsən, Könüllər yandıran bir aha dönsən, Ahını kamanda, neydə tapardım.

Həsrətin atını çox sürsən də sən, Bu dağdan o dağa yüyürsən də sən, Gözümə iy salıb əyirsən də sən, Səni gözümdəki iydə tapardım.

Yaxşı ki, arzumun barını dərdim, Başımdan sovuşub çəkildi dərdim, “Quran” açdırardım, kitab tökərdim, Mən səni “əlif”də, “bey”də tapardım.

2004, 18 fevral Kislovodsk

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.