Əsas məzmuna keç

Gəraylı

Haqqı axtar-axtara

Zəlimxan Yaqub

1
Haqqı axtaranlar gəlsin yanıma, Haqqın, ədalətin əsasıyam mən. Məkkə, Mədinədi ziyarətimiz, O Zəmzəm suyunun kasasıyam mən. Oruc Əlizadə

Üz tutduq gələn sabaha, Haqqı axtara-axtara. Əl açdıq qadir Allaha, Haqqı axtara-axtara.

Dəmir əsalar əyildi, Dəmir çarıqlar yeyildi. Kimi döydü, kim döyüldü, Haqqı axtara-axtara.

Əzildik, quma çevrildik, Yumşaldıq, muma çevrildik, Əkildik, şuma çevrildik, Haqqı axtara-axtara.

Kimi oğru, kimi doğru, Daşıdıq dərd, çəkdik ağrı. Haqq deyənin yandı bağrı, Haqqı axtara-axtara.

Dəvələr itdi səhrada, Gəmilər batdı dəryada. Könüllər gəldi fəryada, Haqqı axtara-axtara.

Süzüldük eşqin camına, Yağ olduq yanan şamına. Döndük Allah adamına, Haqqı axtara-axtara.

Sel tökülür çaya doğru, Çay axır dəryaya doğru, Dəniz baxır Aya doğru, Haqqı axtara-axtara.

Zirvələr boylanır göyə, Bəlkə, haqqı gördüm deyə. Qamışlar da döndü neyə, Haqqı axtara-axtara.

Çox yolçular dizdən oldu, Dağdan oldu, düzdən oldu, Çox gözlülər gözdən oldu, Haqqı axtara-axtara.

Var olan yoxa çəkildi, Dağ uçdu, arxa çəkildi, İsa çarmıxa çəkildi, Haqqı axtara-axtara.

Nəfəs dərdik, cana gəldik, Dolduq, ətə-qana gəldik. İncilə, Qurana gəldik, Haqqı axtara-axtara.

Baxmadı xərcə-xəraca, Hac deyənlər getdi haca. Məhəmməd çıxdı meraca, Haqqı axtara-axtara.

Əqidə, məslək tacımız, “Ənəlhəq”dir əlacımız, Öldü Mənsur Həllacımız, Haqqı axtara-axtara.

Çox qayalar çapasıyıq, Çox qalalar yapasıyıq. Axır bir gün tapasıyıq, Haqqı axtara-axtara.

Çaldı zili, çaldı bəmi, İnsan oğlu çəkdi qəmi. Qocalırıq, Oruc əmi, Haqqı axtara-axtara.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.