Əsas məzmuna keç

Qoşma

Haqqa doğru yol gedirəm

Zəlimxan Yaqub

1

Ay dolandı, il hərlədi çarxını, Əlli gəldi, keçdim ömrün qırxını. Görə-görə qan-qadanı, qırğını, Haqqa doğru yol gedirəm nə vaxtdı.

Əsirgəməz gün işığı, Ay nuru, Qismətimdi yaz yağışı, yay nuru. Allah mənə pay göndərib, pay, nuru, Haqqa doğru yol gedirəm nə vaxtdı.

Dərd gəlsə də, özümü şən tutmuşam, O işığın ətəyindən tutmuşam, Heç bilmirəm uduzmuşam, udmuşam, Haqqa doğru yol gedirəm nə vaxtdı.

Açdığım əl fələklərə doğrudu, Tutduğum üz çiçəklərə doğrudu, Hər gün üzüm mələklərə doğrudu, Haqqa doğru yol gedirəm nə vaxtdı.

Sudan duru, aydan arı mənəm, mən, Dağ çiçəyi, zirvə qarı mənəm, mən. Can sirdaşı, könül yarı mənəm, mən, Haqqa doğru yol gedirəm nə vaxtdı.

Haqqa bağlan, tap qəlbində haqqa bağ, Haqq axtarma, haqqa boylan, haqqa bax! Mən sonrayam, haqq əvvəldi, haqq qabaq, Haqqa doğru yol gedirəm nə vaxtdı.

Ulu Tanrım! “Olmaz!”ları “ol!” – eylə, Ulu Tanrım! İmanımı bol eylə, Ulu Tanrım! Məndən sənə yol eylə, Haqqa doğru yol gedirəm nə vaxtdı.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.