Haqqa arxa çevirsən
Yaradanın yanında günahımız olmasa, Başımıza bu qədər qan gəlməz, qada gəlməz. Tərəzinin gözündə savaba yer qalmadı, Ruhumuz zəhərlənib ağzımız dada gəlməz.
Varlığından qanad tax əsib keçən mehlərin, Saflıq götür nurundan səhər düşən şehlərin. Haqqa yolu açıqdı əməlisalehlərin, Dostu şeytan olanın Allahı yada gəlməz.
Haqqa arxa çevirsən, yeyərsən kötəyindən, Dada bilməzsən eşqin balından, pətəyindən. Nahaq yerə yapışma tanrının ətəyindən, Allahı çağırarsan, Allahdan səda gəlməz!