Haqq eşitdi səsimi
Dağın qarını yardım, Daşın sirrinə vardım, Qılınc ağzı suvardım, İnadım bahasına.
Haqdan aldım dərsimi, Oldum Babək, Nəsimi. Haqq eşitdi səsimi, Fəryadım bahasına.
Dərdi, əzabı yazdım, Dözümü, tabı yazdım, Tale kitabı yazdım, Həyatım bahasına.
Söz taleyim, saz andım, Dərviş ruhlu ozandım, Qəbir yeri qazandım, Vəfatım bahasına.
2003, 3 dekabr